0
loading...
1. Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin məqsədi nədir? 
Müəllimlərin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirib üzə çıxarılması;
bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılmasının, aylıq vəzifə maaşlarının artırılmasının və maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi; nəticələrdən asılı olaraq müəllimlərin inkişafyönümlü təlimlərə cəlb edilməsi.

2. İmtahanlar hansı rayonlarda və tarixlərdə keçirələcək?
Diaqnostik qiymətləndirmədə Lənkəran, Astara, Lerik, Yardımlı, Biləsuvar, Salyan, Nefçala, Qusar, Quba, Siyəzən, Şabran, Xızı, Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Kürdəmir, Ucar, Zərdab, Ağcabədi, Şəmkir, Göygöl, Daşkəsən, Samux, Gədəbəy və Şuşanın ümumi təhsil müəssisələrində müddətsiz və müddətli müqavilə ilə çalışan müəllimlər və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər.

3. Diaqnostik qiymətləndirilmədə hansı müəssisələrin müəllimləri iştirak edə bilərlər?
Diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin (ibtidai, ümumi orta və tam orta məktəblər, ümumtəhsil internat məktəbləri və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər) və xüsusi tipli ümumi təhsil müəssisələrinin (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəbləri) müəllimləri iştirak edə bilərlər.

4. Diaqnostik qiymətləndirilmədə kimlər iştirak edə bilərlər?
Əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri, eyni zamanda Nazirliyin mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqələrin nəticəsi olaraq ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilmədə iştirak edə bilərlər;

5. İki və daha artıq fəndən tədris aparan müəllimlər diaqnostik qiymətləndirmədə neçə fəndən imtahan verəcəklər?
İki və daha artıq fəndən tədris aparan müəllimlər öz seçimlərinə əsasən yalnız fənn üzrə diaqnostik qiymətləndirilmədə iştirak edə bilərlər. Müəllimlər bu seçimləri ilə əlaqədar əsaslandırılmış səbəbi müəssisə rəhbərinə bildirməlidirlər.

6. İmtahanlar hansı formatda keçiriləcək?
Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanları elektron proqram təminatı vasitəsilə keçiriləcək. Bununla da imtahan iştirakçılarının sualları cavablandırarkən seçdikləri cavabları imtahan vaxtı ərzində dəyişmək, imtahanın vaxtını monitorda izləmək, ekrandakı elektron kalkulyatordan istifadə etmək kimi imkanları yaranacaq.

7. Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanlarında keçid balı neçə faizdir?
Diaqnostik qiymətləndirilmədə iştirak edərək test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə (ixisas üzrə 4, metodika üzrə 2) düzgün cavab vermiş müəllimlər Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına uyğun olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər hesab olunurlar.

8. İmtahan neçə dəqiqədən ibarət olur?
Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanları 90 (hər bir suala orta hesabla 1.5 dəqiqə) dəqiqədən ibarət olur.

9. İmtahan suallarının neçəsi ixtisas, neçəsi metodika suallarıdır?
Qiymətləndirilmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 20 test tapşırığı verilir və hər bir düzgün cavab 1 balla qiymətləndirilir.

10. İmtahanlarda səhv cavablandırılmış suallar düzgün cavablandırılmış sualların balına təsir edirmi?
Səhv cavablandırılmış suallar düzgün cavablandırılmış sualların balına heç bir təsir etmir.

11. İmtahan iştirakçıları imtahana gələrkən özləri ilə nə gətirə bilərlər?
İmtahan iştirakçıları imtahana gələrkən özləri ilə yalnız qələm və şəxsiyyət vəsiqəsi gətirməlidirlər. Əlavə vərəq, kalkulyator, mobil telefon, pərgar və sair kimi əşyaların imtahana gətirilməsi qadağandır. Ehtiyac olduğu halda nəzarətçilər tərəfindən əlavə vərəq və qələm təmin ediləcəkdir.

12. İmtahanlarda aşağı bal toplayan və ya keçid balını toplamayan müəllimlər sonradan diaqnostik qiymətləndirmədə bir daha iştirak edə bilərlərmi?
Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində keçid balını toplamayan, eləcə də aşağı bal toplayan müəllimlər, növbəti diaqnostik qiymətləndirmə imtahanlarında iştirak edə bilərlər.

13. İKT bilik və bacarıqları zəif olan müəllimlərin imtahanda iştirakını asanlaşdırmaq üçün hansı tədbirlər həyata keçirilir?
Qiymətləndirilmədə iştirak edəcək müəllimlərin İKT bilik və bacarıqlarını təkmilləşdirmək üçün bölgələrdə müvafiq təlim mərkəzləri yaradılmış və müəllimlər təlimlərə cəlb edilməkdədirlər. Bununla əlaqədar, müəllimlərin yerli təhsili idarəetmə orqanına müraciət etmələri tövsiyə olunur. Eyni zamanda imtahan zamanı nəzarətçilər imtahan iştirakçılarına bu qisim dəstəyin göstərilməsini təmin edəcəklər.

14. Sosial məzuniyyətdə olan müəllimlər könüllü şəkildə diaqnostik qiymətləndirilmədə iştirak edə bilərlərmi?
Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə cəlb olunacaq kateqoriyaya uyğun gələn və sosial məzuniyyətdə olan müəllimlər sağlamlıq vəziyyətləri imkan verdiyi halda könüllü olaraq imtahanda iştirak edə bilərlər. Bununla əlaqədar, həmin müəllimlərin müəssisə rəhbərlərinə müraciət etmələri tövsiyə olunur.

15. İki və daha artıq fəndən tədris aparan müəllimlər bir fəndən imtahan verdikləri təqdirdə əməkhaqqı artımı onun tədris etdiyi digər fənlərə də şamil ediləcəkmi?
İki və daha artıq fəndən tədris aparan müəllimlər imtahanda keçid balını topladıqları təqdirdə əməkhaqqı artımı tədris etdikləri bütün fənnlərə şamil ediləcəkdir.

http://dq.edu.az/

 <<MÜƏLLİMLƏR ÜÇÜN PULSUZ  DİAQNOSTİK SINAQ İMTAHANI >>
loading...
Baxılıb:

Blogger Disqus

 
Top